30 qəpik – İmarət Cəlilqızı yazır…

30 qəpik – İmarət Cəlilqızı yazır…
calendar 5 iyul 2021
clock 18:30

Marketdən bəzi zəruri şeylərlə bərabər, yekə bir diş pastası almışdım( yaxşı, qoy olsun diş məcunu. Amma olmur axı. Dadlı, ləzzətli, YEYİLƏN təamlara deyilir məcun: diş pastası yeyilir ki? Hər halda normal adamlar yemirlər onu). Kücədə Gülnarla rastlaşdım, paketdəki pastanı görüb:

- Nə yekə pasta almısan,- dedi, - bir il işlətsən, qurtarmaz.

Dedim:

- Hə, "vıqodnaya pokupka"dır: düz 231 qram.

Gülnar:

- Yaxşı görək,- dedi,- neçəyə almısan?

- Səncə, neçəyə olar?

Gözlərini qıyıb bir neçə an təxmin etməyə calışdı və dedi:

- 3 manata.

- Ayy, 30 qəpik səhv elədin.

- 3 manat 30 qəpiyə?

Mən gülüb dedim ki, yox, 2 manat 70 qəpiyə. "Sağlıqla işlədin" dedi. Bir neçə addim aralanmışdıq, ağlıma qəfil gəlmiş bir fikirlə çevrilib onu səslədim:

-Gülnar!.

Cevrildi:

- Nədi?

- Bayaq sənə "30 qəpik səhv elədin" deyəndə sən niyə 2.70 yox, 3.30 dedin?

Çiyinlərini çəkdi:

- Nə bilim, dedim də. Ağlima elə gəldi, elə də dedim.

- Səncə, bu cavab elə-belə, təsadüfən çıxdı sənin dilindən? -dedim və o, üzümdə nə gördüsə:

-Vəssalam!..- dedi,- yenə əcaib nəsə tapdın qaralamağa? Adı nə olacaq? "Kolqeytin qiyməti"?

- Sən rişxənd elə, amma yaza bilən olsa, bu 30 qəpik məsələsi əsil yazı mövzusudu, - sonra əlavə elədim,- oturub bildiyim kimi yazacağam, səni də əsas surətlərdən biri edəcəyəm. Di hı.

Gülnar mənə doğma, qayğılı bir nəzər salıb başını yellədi, cevrilib gedə-gedə:

-Göndərərsən, oxuyaram,- dedi,- amma mən bilmədim, bu 30 qəpik məsələsində yazılası nə gördün sən.

Doğrudan da... Bu qəpik məsələsində nə var axı yazılası, mən də onu bunca urvata mindirdim belə?

view 5442 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news