Dustaqlar aya baxanda... - Şəhriyardan yeni şeir

Dustaqlar aya baxanda... - Şəhriyardan yeni şeir
calendar 18 aprel 2020
clock 05:50


Kulis.az Şəhriyar del Geraninin yeni şeirini təqdim edir.

Dustaqlar aya baxanda gecənin üzü gülər,
dustaqlar darıxanda göy üzündə gecələr.
Mən öləndə deyərsiniz, o sevərdi ağacları,
pəncərədən süzüləndə günəşin ağ ucları,
uşaqlar dua oxuyar - "Allah..." pıçıldar ovuclar,
qəfəsdəki quşların uçduğu göylər göynər...

Dünya həssas qəlblər üçün cəhənnəmdir, cəhənnəmdir;
Ömür başdan-başa qəmdir, insana nəfsi qənimdir.
Hər necə ki, günəşin çıxan yeri var,
ulduzun axan yeri var,
küləklərin nəsim-nəsim əsib karıxan yeri var,
eləcə də adamların günaha batan-batanı,
qəfil bir könül sındırıb min aha batan-batanı,
səfil-sərgərdan gecənin sabaha baxan yeri var.
Mən öləndə deyərsiniz, o qız bayatı söylər,
qəfəsdəki quşların uçduğu göylər göynər...

Mən hey səni arzuladım - Səni dostum, ən dostum.
Bir sümük-bir dəri qaldım - Sənə dostum, ən dostum.
Şəhriyarın bir ömürlük səni darıxan yeri var.
Mən öləndə deyərsiniz, Onadır bu şeirlər.
Qəfəsdəki quşların uçduğu göylər göynər...


18 aprel 2020

view 3171 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news