Öz doğum günümdə onun ölümündən yazıram...

Öz doğum günümdə onun ölümündən yazıram...
calendar 15 may 2020
clock 10:31

Kulis.az Səhər Əhmədin mərhum şair Fərqanə Mehdiyeva haqqında yazdığı "Mən ömür sürürəm" yazısını təqdim edir.

Bir azdan iydələr çiçəkləyəcək, Fərqanə. Sahil bağında bir şair də yoxa çıxdı, fərqinə varacaqmı ağaclar?!

...Bu dünyada qadın olmaq çətindi. Şair olmaq lap çətindi. Qadın şair olmaq bir başqa çətindi.
Hər qadın bir az şairdi, hər şair bir az “qadın”dı. Xanım şair ikiqat Qadın və ikiqat Şairdi.
Bəlkə Ona görə “Maşın sürə bilirsinizmi?” sualına “Mən ömür sürürəm e, maşın sürməyə nə var ki”- demişdin. Çünki gözəl bilirdin ki, şair qadın ömrü sürmək bir başqa çətindi.

...Sən bütün ruhunla, bütün həyat tərzinlə qadın şair idin, şeir demək mümkün olan bütün yerlərdə şeir deyən söz vurğunu.

news-inner

İçdən, səmimi sözlərin aforizmə çevrilmişdi. Bir dəfə “Bu kişilər kimdi?” sualına “Bunlar kişi deyil ki, şairlərdi”- demişdin. Çünki səninçün şair insan deyildi, bir qat daha üstün idi. Ona görə bütün şairləri uşaqdan böyüyə əzizləyirdin, hərəni bir təyinlə adlandırırdın. Mənə şerimizin səhəri deyirdin, məsələn. İndi elə yanıb-tökülürəm ki, sənə bircə dəfə şerimizin Fərqanəsi demədim.

Bəlkə, vaxtında sənə demədiyim sözlərdi indi mənə sənin heç vaxt oxumayacağın bu yazını yazdıran. Sonuncu doğum günündə zarafata salıb söz deməmişdim axı. Hardan biləydim, son görüşümüz olduğunu?! Həyatın işinə bax, indi – öz doğum günümdə sənin ölümünə söz deyirəm. O vaxt - sənin son doğum günündə özünə demədiyim sözləri indi-öz doğum günümdə ölümünə yazıram: Səndən güclü də, səndən zəif də şairlər gəlib - gedib, gəlib-gedəcək yenə. Amma sənin qədər səmimisi, uşaqlığını bu qədər qoruyub saxlayanı olmayacaq. Gənclərimizin Fərqanə anası, şerimizin söz qadını...

...Onsuz da qısa olan ömrünün xeyli hissəsini Bakı - Təbriz yollarında keçirdin. Gah sevimli Təbrizini əzizlədin, gah yaralı canını. Daşyonan adama baxıb dünyanın ölüm karvanını dayandırmaq istədin:

Yonduğun məzar daşları
Sənə dərd-azar verməsin.
A müştəri gözləyənim,
Heç Allah bazar verməsin.

İndi , yəqin, dincəlib ruhun göylərdə. Bizsə bu çirkli dünyada ömür sürməklə məşğuluq hələ. Sən ki bilirsən, necə çətindi ömür sürmək. İndi bu çətinliyə sənin üçün darıxmaq da əlavə olunub. Gözlərimizin sərgisindən büllur bir təbəssüm qeybə çəkilib. Amma , yəqin ki, hardasa, ruhların yaşadığı o məkanda bir gün görüşəcəyik hamımız, bütün şairlər...
Görüşəcəyik, əzizim...

# 2571 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
menu pen all_news