Sən keşişə oxşayırsan

Sən keşişə oxşayırsan
calendar 6 may 2013
clock 07:45

Səndən yaxşı düşmən çıxar,

məndən yaxşı dost.

Sən küsməyi xoşlayırsan,

mən-barışmagı.

Sən keşişə oxşayırsan,

mən günahkara.

Sən susmağı xoşlayırsan,

mən-danışmağı.

Bu döyüş necə bitsin ki,

bu qaydalarla,

Sən vurmağı xoşlayırsan,

mən-vuruşmağı.

***

Bir axşamüstü

bir Şərq şəhərində

yoruldum qadın olmaqdan.

Çay evlərində kişilər,

Gözəllik salonlarında qadınlar

Müxtəlif mövzularda

Eyni həvəslə mırt vururlar.

Çay evinin qarşısından

Ruh kimi ötüb gedir

Gözəllik salonundan çıxan qadınlar.

İnternet kafenin qapısını

Kişi hamamına girirmiş kimi

Titrəyə-titrəyə açan qızcığazın

Üzündə çarəsizliyin şəkli.

Məhəlləyə çatıb

Əllərini ayırır sevgililər.

Yasamaldakı köhnə məhəllələr

Fəvvarələr bağından çox uzaq.

Bir axşamüstü

bir şərq şəhərində

sıxıldım qadın olmaqdan.

***

Hamı özün haqlı sanır,

Haqq isə kimsəsizdi.

Haqsızların ordusu var,

Haqlısa kimsəsizdi.

Birinə bir dost qəhətdi,

Birinə bir sevgili.

Bəlkə elə bu gen dünya

Kimsəsizlər evidi?

Elə mən də tək-tənhayam,

bu canımda – kimsəsiz.

Gedənim də kimsəsizdi,

Qalanın da kimsəsiz.

Günahkaram gedənin də,

Qalanın da yanında.

Darıxıram anamın da,

Balamın da yanında.

view 2504 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news