Payızda vağzala getməyəsən... - Poetik etüdlər

Payızda vağzala getməyəsən... - Poetik etüdlər
calendar 13 iyul 2020
clock 17:36

Kulis.az Qorxmaz Şıxalıoğlunun etüdlərini təqdim edir.

Orda ki haqlıyam, doğruyam, düzəm,
Ölsəm də dönmərəm yenə sözümdən –
Bütün bəşər Qərbə tərəf yerisə,
Təkcə üzü Şərqə gedəcəyəm mən!

***

Ağaclara ürəyimi açıram.
Daşlarla sözüm tutur.
Arada Günəş göz vurur mənə:
Bədbəxt, sən də deyirsən
pulum var, saray evim var,
xoşbəxtəm.

***

Dünyanın qədimliyini,
gəldi-gedərliyini
qurbağaların səsi qədər
heç nə yada salmır...
Yazar dostlar,
bir haqqı yerinə qoyun –
çıxardın qurbağaları
qara siyahıdan!

***

“Düz olarsan, düzdə qalarsan”
deyirlər.
Düzdə yox, səhrada qalmağa da hazıram
ölənə qədər.
Amma yenə düz olacağam,
Qəbirdə də düz qalacağam.

***

Payızda dəmiryolu vağzalına
getməyəsən.
Getdinsə, gərək ürəyini
evdə qoyasan...

***

Tilovuma qızıl balıq düşsə,
ondan yalnız
kasıbların qızlarına
qızıl bəxt istərəm.

***

Bu may səhəri
yaşamağın doyumsuz havası
vurur məni.
İndi həyətdəki çinarın
ən hündür budağındakı
şəfəqdən bərq vuran,
meh tərpədən sonuncu yarpaq kimi
xoşbəxtəm!

***

Xiyabanla addımlayan yarısəhər,
yarıgünəş bu qadına
yəqin Allah da çəkinər
söz deməyə…

***

Qaranquş yuvasının altına
balaca taxta kəsib vurub atam -
eyvan bulaşmasın deyə.
Hərdən ana qaranquş
qonub taxtanın qırağına
bahar diliylə
atama “sağ ol” deyir.

***

Oxu daşa dəymiş
bütün ilk məhəbbətlər
Ay işığına bürünmüş
tək məzara oxşayır gözümdə.

Qorxmaz Şıxalıoğlunun yeni kitabları nəşr edildi

view 2587 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news